Ç.Abdullayevin adı çəkilən kimi onun yaratdığı obrazlardan ilk olaraq Dronqo yada düşür. Və bu adı ilk dəfə eşidənlərin hamısında təbii bir sual yaranır: bu nə addır, mənası nədir? Həqiqətən də Dronqo insan qulağının öyrəşmədiyi adlardandır və nahaq yerə bir çoxları müxtəlif lüğətləri eşələyib bunun hansı xarici dilə aid olduğunu öyrənməyə çalışırlar. Təbii ki, bunun heç bir nəticəsi olmayıb, çünki Dronqo hər hansı bir xalqa məxsus insan adı deyil. Dronqo quş adıdır. Ç.Abdullayev ilk romanı olan "Mavi mələklər"də öz qəhrəmanının dilindən bu ləqəbin mənasını izah edir - Dronqo təbiətdə çox az rast gəlinən kiçik bir quşun adıdır. Bu quşun bir fərqli cəhəti də başqa quşların səslərini böyük müvəffəqiyyətlə imitasiya etməyi bacarmasındadır. Bəli, bəli, o, təbiətin yaratdığı xırda, lakin dahi imitatordur. Və Ç.Abdullayevin diqqətini çəkən də yəqin ki, onun məhz bu xüsusiyyəti olub. Professional kəşfiyyatçı, əvəzolunmaz ekspert və səhih deduktiv düşüncə tərzinə malik olan Dronqonun müvəffəqiyyət qazanma-sının əsas amili başqa insanların fikir və düşüncələrini öz içində düzgün imitasiya etməklə onların niyyət və məqsədlərini düzgün anlamasıdır. Təbii ki, bu cür keyfiyyətlərə sahib olan ədəbi qəhrəman üçün belə bir ləqəb düşün-mək çox uğurlu bir ədəbi tapıntı hesab oluna bilər. Əlbəttə, Ç.Abdullayev öz qəhrəmanına ləqəb kimi adi bir insan adı da fikirləşə bilərdi, lakin yazıçı öz qəhrəmanının adını heç bir konkret millətə aid etməməklə onun bütün dün-yanın vətəndaşı olduğunu bir az da qabarıq nəzərə çatdırmışdı ki, bu da qlobal tarixi detektiv janrının tələbləriylə tam üst-üstə düşür. Beləliklə, Dronqonun nə adı, nə də fəaliyyəti heç bir sərhədlə məhdudlaşmır, bütün dünyanı əhatə edir. Dronqo barədə ilk romanda onun yalnız hansısa cənub ölkəsindən olduğu barədə dumanlı məlumatlar verilir. Yalnız son roman-larında Ç.Abdullayev açıq şəkildə bildirir ki, Dronqo əslən bakılıdır, vali-deynləri hələ də bu şəhərdə yaşayır, hətta onun Bakıdakı ünvanını da yazır - Xaqani 25 (Əlbəttə, çoxları bilir ki, bu ünvanda Azərbaycan Yazıçılar Birliyi yerləşir və maraqlısı odur ki, bura mütəmadi olaraq Dronqonun ünvanına yazılmış məktublar gəlir).
Məncə, bu da qabaqcadan düşünülmüş və oxucuların psixologiyasına təsir edən bir addımdır. Əgər Ç.Abdullayev elə ilk romanlarından yazsaydı ki, onun qəhrəmanı azərbaycanlıdır, adı da, tutalım, Məmmədquludur, yəqin ki, dünya oxucuları bunu birmənalı qarşılamayacaqdı. Geridə qalmış sayılan hansısa uzaq müsəlman ölkəsinin nümayəndəsinin qlobal siyasi problemlərin həllində belə yaxından iştirak etməsinə yəqin ki, o vaxt avropa-lılar inanmazdı və Ç.Abdullayevin əsərləri istənilən uğuru qazanmazdı ( hətta Moskvada ilk romanları nəşr edilən vaxt Ç.Abdullayevə dəfələrlə təklif etmişdilər ki, özünə nəsə qərblilərə xas bir ədəbi təxəllüs götürsün, yoxsa bu sırf şərqli adı ilə qlobal tarixi detektivlər heç üst-üstə düşmür. Lakin yazıçı təbii ki, bu şərti qəbul etməmişdi). Onun üçün də yazıçı başqa yolla getdi, öz qəhrəmanına rəmzi bir ləqəb düşünməklə oxucuların marağını bir qədər də qıcıqlandırdı və yalnız öz qəhrəmanını oxuculara sevdirəndən sonra onun kimliyini, hansı millətə mənsub olduğunu açıqlamağa başladı. Beləliklə, bütün dünyanın siyasi problemlərinin həllində yaxından iştirak edən bir azərbaycanlı ekspert-analitik obrazı yaranmış oldu. Onu da qeyd edim ki, Ç.Abdullayev Dronqonun hansı millətin nümayəndəsi olduğunu açıqlasa da, onun konkret olaraq adını, soyadını hələ də gizli saxlayır. Yəqin ki, yazıçının sadiq oxucuları nə vaxtsa bu barədə də müəyyən informasiyalar alacaqlar.
Dronqo obrazının milyonlarla oxucu tərəfindən sevilməsinin bir səbəbi də öz sələfi olan detektiv qəhrəmanlarının bir çox müsbət keyfiy-yətlərini özündə birləşdirməsidir. Şerlok Holmsun qüsursuz detuktiv düşüncəsi, Komissar Meqrenin melanxolizmi, Erkül Puaronun zərif centlmenliyi, Danni Boydun ironiyası, Peri Meysonun cazibədarlığı, ceyms Bondun cəsarəti - Ç.Abdullayev öz qəhrəmanını yaradanda ifrata varmamaq prinsipiylə bütün bu keyfiyyətlərdən çox gözəl şəkildə istifadə etməyi bacarıb. Lakin bu o demək deyil ki, Dronqo obrazında özünəməxsus heç nə yoxdur, bu sadəcə qurama bir obrazdır. Bəli, Dronqo bütün adıçəkilən qəhrəmanlara oxşayır, amma eyni zamanda onların heç birinə oxşamır. Bütün dediyimiz keyfiyyətlər Dronqonun psixoloci obrazında yalnız xırda cizgilərdir və onu oxuculara sevdirməkdən ötrü yardımçı rol oynayır. Bu personacın ən maraqlı keyfiyyəti isə ümumi ilə xüsusini, qlobol ilə məhəlli psixoloci məfhumları özündə üzvi şəkildə birləşdirməsidir. Bəli, Dronqo bütün dünyanın vətəndaşıdır, amma eyni zamanda coğrafi baxımdan kiçik də olsa, həmişə ürəyinin başında gəzdirdiyi, xəyalən heç vaxt ayrılmadığı bir vətəni də var - Azərbaycan. Romanlarının birində Ç.Abdullayev Dronqo haqqında xarakterik olan belə bir cümlə işlədir: "Onun özü Moskvada, həyat yoldaşı Romada, valideynləri isə Bakıda yaşayır." Qütbləşməyə, radikallığa öyrəşdiyimiz bir zamanda yazıçı sübut etməyə çalışır ki, qloballaşma ilə milli adət-ənənə, beynəlmiləlçiliklə millətçilik, keçmişlə gələcək heç də bir-birinə zidd məfhumlar deyil, ağıllı insan bunların hamısını öz içində ideal şəkildə birləşdirə bilər, bunun üçün isə sadəcə sevgi hissi lazımdır, nifrətlə heç nəyi həll etmək olmaz, bir qütbə çəkilmək heç də yaxşı nəticələr vermir. İnsan öz keçmişiylə bərabər gələcəyini də, vətəniylə bərabər bütün dünyanı da, milli-mədəni irsiylə bərabər bütün dünya mədəniyyətini də eyni cür sevməlidir. Əgər insanlar öz daxilindəki sevgi hissini bu cür bərabər şəkildə bölə bilsələr, real həyatda rastlaşdığımız bir çox problemlər öz həllini asanlıqla tapmış olar.
Dronqo üçün xarakterik olan və bütün romanlar boyu zaman-zaman özünü büruzə verən hisslərdən biri də acı bir nostalci duyğusudur. Düzdü, Azərbaycanda bir çoxları bunu tama başqa cür yozurlar, Ç.Abdullayevin bir vaxt "vahid vətənimiz" olan SSRİ-nin dağılmasına gecə-gündüz təəssüf-ləndiyini, ölkəmizin müstəqilliyini hardasa mənfi qarşıladığını yazırlar. Əlbəttə ki, bütün bunlar səthi müşahidələrin, ilkin təəssüratların nəticəsidir. Dronqo obrazının mahiyyətinə vardıqda isə açıq-aşkar hiss olunur ki, yazıçını ən çox təəssüfləndirən heç də sadəcə hansısa bir imperiyanın məhvi deyil. Sadəcə, müəyyən ideyalar dünyasında yaşayan və öz xalqının xöş-bəxtliyi naminə bütün varlığındın, hətta lazım gələrsə, öz həyatından belə keçməyə hazır olan, məhz belə fədakarlıq ruhunda böyüyən bir insan dün-yanın indiki ideyasızlıq, mənəvi boşluq vəziyyətində yaşamağa çətinlik çəkir. İrəlidə sadəcə məchul bir qaranlıqdır, onun üçün də Dronqonun, eləcə də eyni hisslərlə yaşayan minlərlə insanın öz daxili mənəvi tələbatını ödəmək üçün keçmişə boylanmaqdan başqa əlacı qalmayıb. Beləliklə, qeyri-şüuri olaraq keçmiş ideallaşdırılır, sovet dövrünün mənfi keyfiyyətləri yavaş-yavaş yaddaşdan silinir, müsbət keyfiyyətləri isə bir az da qabarıq nəzərə çarpmağa başlayır. Əlbəttə ki, Dronqo bəzi fanatik kommunistlər kimi gülləni başına çaxıb özünü öldürmür: yenə də yaşayır; öz sahəsi üzrə fəaliyyət göstərir; bəzən hətta özünü təhlükə qarşısında qoyur. Onun ailəsi də var. Lakin bütün bu işləri hansısa ali ideyalar naminə yox, sadəcə başqa cür yaşaya bilmədiyinə görə edir. O, zaman keçdikcə melanxolikləşir, bədbinləşir, lakin bütün bunlara baxmayaraq, Ç.Abdullayevin səyi nəticəsində yenə də əvvəlki cazibədarlıqını saxlayır, yenə də minlərlə oxucunu özünə valeh edə bilir. Ümumiyyətlə, Dronqo o qədər geniş, dolğun bir obrazdır ki, onun haqqında ayrıca bir araşdırma yazmaq da olar, lakin bu yazının həcmi imkan vermədiyinə görə, dediklərimlə kifayətlənmək istəyirəm.
[ link]
Tuesday, April 14, 2009
Çingiz Abdullayev
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafıə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 20 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən yaxşı müasir yazıçı kimi tanıtdırmışdır. Xidmətlərinə görə Qırmızı Bayraq ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə şöhrət ordeni ilə təltif edilib.
[ link ]
Subscribe to:
Posts (Atom)